✍️ Vəli Əliyev yazır...Dostlar Məni Unutmayın!



İnsan ömrünün müxtəlif dövrləri var. Elə dövrlər ki, həmin mərhələlərdə həyatın mənası, qayğıları və ehtiyacları da dəyişir. Dostluq isə bu dəyişikliklər içərisində ən dəyərli mənəvi sərvətlərdən biri olaraq qalır.

Müşahidələr göstərir ki, dostluq münasibətlərinin ən sıx olduğu dövr əsasən gənclik və qocalıq çağlarına təsadüf edir. Gənclik illərində insan daha sərbəst olur. Hələ ailə qayğıları, övlad məsuliyyəti, maddi çətinliklər onun çiyinlərinə tam yük olmur. Bu dövrdə dostlarla görüşmək, söhbət etmək, birlikdə vaxt keçirmək həyatın ayrılmaz hissəsinə çevrilir. Bir stəkan çay ətrafında saatlarla edilən söhbətlər, birlikdə qurulan arzular, paylaşılan sevinclər və çətinliklər insanın yaddaşında silinməz izlər buraxır.

Lakin zaman keçir. İnsan ailə qurur, ev-eşik sahibi olur. Uşaqlar dünyaya gəlir. Valideyn qayğıları, övlad məsuliyyəti, iş həyatı və sosial problemlər gündəlik həyatın əsas mövzusuna çevrilir. Müasir dövrdə isə vəziyyət daha da mürəkkəbləşib. Bir çox insanlar ailəsinin rifahını təmin etmək üçün iki, bəzən isə daha çox işdə çalışmaq məcburiyyətində qalırlar. Belə olduqda dostlarla görüşmək üçün nə vaxt qalır, nə də imkan.

İllər ötür. Uşaqlar böyüyür, təhsil alır, öz həyatlarını qururlar. Valideynlərinə həm maddi, həm də mənəvi dayaq olmağa başlayırlar. İş yükü azalır, insan ömrünün yeni bir mərhələsinə qədəm qoyur. Məhz həmin vaxt insan yenidən dostlarını axtarmağa başlayır. Çünki anlayır ki, həyatın bütün çətinliklərində olduğu kimi, sakit və rahat günlərində də yanında səmimi dostun olması böyük xoşbəxtlikdir.

Təəssüf ki, bəzən insanlar illərin məsafəsində bir-birindən uzaq düşürlər. Kimisi başqa şəhərdə yaşayır, kimisi həyatın qayğıları içində dostlarını unutmağa başlayır. Amma insan ömrünün sonunda anlayır ki, ən gözəl xatirələrin böyük hissəsi dostlarla bağlıdır.

Ona görə də bu gün hər birimiz köhnə dostlarımızı xatırlamalı, onlarla əlaqələri qorumağa çalışmalıyıq. Bir telefon zəngi, bir salam, bir hal-əhval tutmaq bəzən illərin həsrətinə son qoya bilir.

Dostluq insan ömrünün ən qiymətli sərvətlərindən biridir. Nə var-dövlət, nə vəzifə, nə də şöhrət səmimi dostun yerini verə bilməz.

Elə buna görə də həyatın hər mərhələsində dostlarımıza səslənək:

"Dostlar, məni unutmayın! Mən də sizi unutmayacağam..."
Vəli Əliyev
Milli Mənəviyyat
müstəqil, beynəlxalq
qəzetinin
Baş redaktoru