✍️ Vəli Əliyev yazır... Təkbaşına Ordunun Gücünü Göstərən Qəhrəman – Mübariz İbrahimov
---
Bu gün, 11:35
52
Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində adı qızıl hərflərlə yazılmış igidlərdən biri də Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovdur. O, öz şücaəti, vətən sevgisi və qorxmazlığı ilə yalnız bir hərbçi deyil, bütöv bir millətin qürur mənbəyinə çevrilmişdir.
Mübariz İbrahimov uşaq yaşlarından idmanın boks növü ilə məşğul olmuş, iradəli və dözümlü bir gənc kimi formalaşmışdır. 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılmış, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı bölmələrində xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra da vətənə xidmət eşqi onu rahat buraxmamış, 2009-cu ildə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qayıtmışdır.
2010-cu il iyunun 18-dən 19-na keçən gecə Mübariz İbrahimov Azərbaycan hərb tarixində misli görünməmiş bir qəhrəmanlıq nümayiş etdirdi. O, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən düşmən mövqelərinə doğru irəlilədi və Tərtər rayonunun Çaylı kəndi istiqamətində yerləşən erməni hərbi postuna hücum etdi. Təkbaşına həyata keçirdiyi bu əməliyyat zamanı düşmənə ciddi itkilər verdirərək şəhidlik zirvəsinə ucaldı.
Mübarizin qəhrəmanlığı qısa müddətdə bütün Azərbaycana yayıldı. Onun cəsarəti xalqımızın milli ruhunu daha da gücləndirdi, xüsusilə gənclər üçün vətənpərvərlik nümunəsinə çevrildi. Şəhid olduqdan sonra nəşi uzun müddət qarşı tərəfdə qalsa da, aparılan danışıqlar nəticəsində 2010-cu ilin noyabr ayında Azərbaycana qaytarıldı və İkinci Fəxri Xiyabanda dəfn edildi.
Bu gün Mübariz İbrahimovun adı Azərbaycanın müxtəlif bölgələrində məktəblərə, küçələrə verilib, heykəlləri ucaldılıb, haqqında kitablar yazılıb, filmlər çəkilib. O, artıq təkcə bir şəxsiyyət deyil, Azərbaycanın qəhrəmanlıq rəmzidir.
2020-ci ilin Vətən müharibəsi zamanı Mübarizin döyüşdüyü və şəhid olduğu ərazi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Həmin torpaqlarda üçrəngli bayrağımızın yenidən dalğalanması, sanki Mübariz İbrahimovun yarımçıq qalan arzusunun gerçəkləşməsi idi.
Mübariz İbrahimov öz həyatı ilə sübut etdi ki, Vətən sevgisi ölçüyəgəlməz bir qüvvədir. Onun adı Azərbaycan xalqının yaddaşında daim yaşayacaq, gələcək nəsillərə qəhrəmanlıq, vətənpərvərlik və fədakarlıq nümunəsi olaraq ötürüləcəkdir.
Ruhu şad olsun! Azərbaycan xalqı öz qəhrəman oğlunu həmişə hörmət və ehtiramla yad edəcəkdir.Mübarizlər ölmür, Vətən yaşadıqca yaşayırlar!





















