✍️ Vəli Əliyev yazır... Salam almaq sadəcə söz deyil, mədəniyyət göstəricisidir


Salam vermək və salam almaq insanların bir-birinə göstərdiyi ən sadə, amma ən dəyərli hörmət əlamətlərindən biridir. Xüsusilə müəllim adını daşıyan insanlar üçün bu məsələ daha böyük əhəmiyyət kəsb edir. Çünki müəllim yalnız dərs deyən şəxs deyil, həm də davranışı, münasibəti və ünsiyyəti ilə cəmiyyətə nümunə olmalıdır.
Təəssüf ki, bəzən elə müəllimlərlə rastlaşırıq ki, verilən salamı ya eşitməzlikdən gəlirlər, ya da almağa ehtiyac duymurlar. Bu isə qarşı tərəfdə təəccüb və narazılıq yaradır. İnsan öz-özünə sual verir: "Salam almaq bu qədər çətindirmi?"
Salam almamaq müxtəlif səbəblərdən qaynaqlana bilər. Bəzən insanın şəxsi problemləri, yorğunluğu və ya diqqətsizliyi buna səbəb olur. Lakin bu hallar daimi xarakter daşıyanda artıq başqa məna verir. Salamı almamaq qarşı tərəfə dəyər verməmək, ünsiyyətdən qaçmaq və ya özünü digərlərindən üstün görmək kimi qəbul edilə bilər.
Ünsiyyət insan münasibətlərinin təməlidir. Ünsiyyətdən qaçan insan zamanla ətrafındakı insanlarla görünməz divarlar qurur. Halbuki müəllimin əsas vəzifələrindən biri insanlarla sağlam münasibət yaratmaq, gənclərə hörmət və etik davranış nümunəsi göstərməkdir. Şagird müəllimin yalnız dediklərini deyil, etdiklərini də öyrənir. Salam verməyən və ya salam almayan müəllim bilmədən şagirdə yanlış mesaj ötürə bilər.
Xalqımızın gözəl bir deyimi var: "Salam vermək sünnət, almaq isə vacibdir." Bu ifadə salamın cəmiyyətimizdə nə qədər yüksək dəyərə malik olduğunu göstərir. Bir insanın salamını almaq nə vaxt aparır, nə də maddi xərc tələb edir. Əksinə, insanlar arasında səmimiyyət, hörmət və etibar yaradır.
Müəllimlik peşəsi bilik verməklə yanaşı, mənəviyyat aşılamaq sənətidir. Salamı almaq, xoş münasibət göstərmək, insanlara dəyər vermək də bu mənəviyyatın ayrılmaz hissəsidir.
Cəmiyyətimizin daha mehriban, daha sağlam münasibətlər üzərində qurulması üçün hər birimiz sadə görünən, amma böyük məna daşıyan bir mədəniyyəti yaşatmalıyıq: salam verməyi və verilən salamı səmimiyyətlə almağı.
Çünki bəzən bir salam insanların qəlbinə açılan ən gözəl qapıdır.